XİN: Azərbaycan helikopteri vurmaqla üzərinə götürdüyü heç bir öhdəliyi pozmayıb
"Azərbaycan Ermənistana aid hərbi helikopteri vurmaqla, həmsədrlər qarşısında üzərinə götürdüyü heç bir öhdəliyi pozmayıb".
APA TV-nin məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2012-ci ildə Xarici İşlər Nazirliyinin həmsədr ölkələrin Xarici İşlər Nazirliklərinə göndərdiyi məktubda da bildirilib ki, Ermənistana aid hərbi uçuş vasitələri Azərbaycanın hava məkanına daxil olduqda, bu, ərazi bütövlüyünə təcavüz kimi qəbul ediləcək və müvafiq tədbirlər görüləcək.
O, Azərbaycanın münaqişə ölkələrinin prezidentlərinin Paris görüşündə üzərinə götürdüyü öhdəlikləri pozması barədə yayılan bəyanatlara da münasibət bildirib: "Paris görüşünün nəticəsi olaraq, Fransa prezidenti Fransua Oland münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistanın böyük sülh sazişi üzərində işləmələri üçün çağırış edib. Azərbaycan da dəfələrlə böyük sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan edib. Təəssüf ki, Ermənistan tərəfindən müxtəlif bəhanələrə və təxribatçı əməllərə əl atılıb. Son baş vermiş helikopterlə bağlı insident də Ermənistanın müxtəlif təxribat əməllərindən biridir".
Hikmət Hacıyev bu ilin yayında cəbhə xəttində baş verən insidentlər zamanı həlak olan şəhidlərimizlə bağlı dünya ictimaiyyətinin reaksiya vermədiyi halda Ermənistan helikopterinin vurulması zamanı ölən hərbçilərə bu qədər həssaslıqla yanaşmasına da cavab verib: "Yayda cəbhə xəttində baş verən insidentlərlə bağlı Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə çatdırılıb. Bildirmişik ki, insan həyatının itirilməsi ilə baş vermiş hadisələrə adekvat reaksiya olmalıdır. Bu hallarda adekvat reaksiyanın olmaması bizim tərəfimizdən ciddi şəkildə təəssüf doğurur".
Mətbuat katibinin sözlərinə görə, bu media qurumları Dağlıq Qarabağla bağlı reportajlarda beynəlxalq hüquqa zidd olan xətalara yol veriblər. Bununla bağlı “CNN Türk” telekanalının rəhbərliyinə Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən, “Euronews” telekanalının rəhbərliyinə isə Azərbaycanın Fransadakı səfirliyi tərəfindən müraciət edilib.