Gəncədə avtomobil ana və azyaşlı qızını vurub, hadisə yerindən qaçdı
Gəncə şəhərində yolu keçmək istəyən iki nəfəri maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün şəhərin mərkəzində, Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1987-ci il təvəllüdlü İntizar Xəlilova və onun azyaşlı qızı, 2010-cu il təvəllüdlü Fatimə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinin həkimi Elbrus Elyazovun sözlərinə görə, uşağın vəziyyəti kəllə-beyin travması səbəbindən ağır olduğuna görə o, reanimasiya şöbəsinə köçürülüb. Ana isə travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə şahidlərinin ifadələrinə görə, ana-balanı vuran "VAZ 2107" markalı avtomobil olub və o, şəhərin mərkəzi olmasına baxmayaraq, yüksək sürətlə hərəkət edirmiş. Qəzadan sonra avtomobil hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.