Bakının mərkəzi küçələrindən biri yenidən təmirə bağlandı
Bakını Nərimanov rayonundakı Koroğlu Rəhimov küçəsi yenidən təmirə bağlanıb. APA TV-nin məlumatına görə, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi iki gün bağlı qalacaq.
"Yolun bağlanmasına səbəb asfalt örtüyünün yenilənməsi və digər təmir işləridir. Təmir işləri bazar ertəsi günü başa çatdırılacaq və yol yenidən istifadəyə veriləcək".
Dövlət Yol Polisi təmir işləri ilə əlaqədar sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir. Yolda təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.
Xatırladaq ki, Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti ötən həftə təmir işlərinin aparılması ilə əlaqədar tam olaraq məhdudlaşdırılmışdı. Bu addım Bakıda nəqliyyatın hərəkətinin iflic olması ilə nəticələnmişdi.