Lənkəranda ağır qəza: 5 nəfər yaralandı
Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistral yolunun 209-cu kilometrliyində, rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan 42 yaşlı İmran Qəhrəmanovun idarə etdiyi “Ford” markalı, 01-BO-261 dövlət nömrə nişanlı mikroavtobus Ələt istiqamətində hərəkət edən 47 yaşlı Canəli Həsənovun idarə etdiyi “Prado“ markalı, 42-BC-002 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin avtomobillərdə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “Ford”un sürücüsü qəzaya “Prado”nun səbəb olduğunu deyib:
“Yolumla düz gedirdim. 50 minlik "Prado" markalı maşın qabağıma çıxdı və bunu vurdu”.
Xəsarət alanlar “Ford” markalı mikroavtobusun sürücüsü, Astara rayon sakini İmran Qəhrəmanov, sərnişinlərdən 35 yaşlı Rövşən Əliyev, 27 yaşlı Fərhad Eyvazov və “Prado” markalı avtomobilin sərnişinləri, 54 yaşlı Rəsmiyyə Həsənova və 56 yaşlı Şamama Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın həkimi Bahadur Heydərov obyektiv müayinədə xəstələrdə müxtəlif bədən xəsarətləri aşkar edildiyini deyib: “Onlardan bir nəfərdə qapalı kəllə-beyin travması, gicgah sümüyünün sınığı diaqnozu müəyyən edilib”.
İlkin versiya kimi qəzanın “Prado” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiqi başvermə səbəbi isə təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.