İraq Beyci qəsəbəsini İŞİD-dən geri aldı
İyundan İŞİD-in nəzarətində olan İraqın Beyci qəsəbəsi İraq ordusu tərəfindən geri alınıb. APA TV-nin məlumatına görə, Bağdaddan 200 kilometr məsafədə yerləşən qəsəbə İŞİD terrorçularından təmizlənib. Ordu generalları IŞİD-in hazırda Nehrə doğru irəlilədiyini deyib. Bu ərazilərə hava hücumları davam edir. Qeyd edək ki, Beyci İraqın ikinci ən böyük şəhəri olan Mosula gedən yolun üstündə yerləşir.
Bu arada ABŞ başçılığı ilə koalisiya qüvvələri İraq və Suriyada 3 gün ərzində İŞİD terror qruplaşmasına qarşı 35 hava hücumu həyata keçirib. Son üç gündə həyata keçirilən anti-İŞİD əməliyyatları zamanı Suriyada “Əl-Qaidə” əlaqəli olan “Xorasan” qrupu da hədəfə çevrilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yaydığı açıqlamada ABŞ və koalisiya qüvvələrinin 12-14 noyabr tarixləri arasında hərbi qırıcılar və pilotsuz hava qırıcıları yolu ilə İŞİD-ə qarşı Suriyada 19, İraqda 16 havadan hücum həyata keçirdiyi bildirilir.
Qeyd edək ki, “Xorasan” qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənubi-şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. ABŞ kəşfiyyatı sözügedən qruplaşmanın bir sıra böyük terror aktları törətmək planları olduğunu qeyd etməklə yanaşı, “Xorasan”ın digər terror qruplaşmalarından təhlükəli ola biləcəyini də qeyd edir.