Gəncədə 40 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Şəhər sakini 40 yaşlı Şahin Zeynalov həmin ərazidə naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat zamanı onun bədənində daxilə nüfuz edən 3 bıçaq zərbəsi aşkarlanıb. Vəziyyəti ağır olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, Şahin Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hazırda polis hadisəni törədənin tapılması istiqamətində əməliyyat axtarışlarına başlayıb. Faktla bağlı araşdırma aparılır.