APA-nın 10 yaşı tamam olur

10 il! Bu, adi rəqəm deyil. Bu, Azərbaycanda medianın sürətli inkişaf mərhələsi dövrüdür. Bu mərhələ xəbərə yeni baxışın formalaşdığı mərhələdir, bu mərhələ medianın müasir informasiya texnologiyalarının tələbləri ilə ayaqlaşmaq, bu tələblərə adaptasiya olunmaq mərhələsidir. 10 il - həm də Azərbaycan media məkanında APA adlı brendin fəaliyyət göstərdiyi bir dövrdür. 

2004-cü il noyabrın 16-da fəaliyyətə başlayan APA informasiya agentliyi 10 il ərzində xəbərlə bağlı bütün stereotipləri dağıtmağı bacardı, qarşı tərəfin mövqeyinin işıqlandırılması, operativlik və dəqiqlik prinsiplərinə əsaslanan yeni xəbər standartı yaratdı. Bəli, APA həm də əmtəə nişanıdır, çünki dünya standartlarına uyğun xəbər istehsal edir. Bu səbəbdən biz 10 ildir fəxrlə “Xəbərimiz var” deyirik. 

APA-nın Azərbaycanın bütün bölgələrində müxbir postları fəaliyyət göstərir. Baş verən hadisə barədə ilk, dolğun və operativ xəbər yaymaq agentliyin əsas fəaliyyət prinsipidir. Azərbaycanda medianın inkişaf dövrü regionların sosial-iqtisadi inkişafı dövrü ilə üst-üstə düşür və bölgələrdə quruculuq işlərinin işıqlandırılması APA-nın öncəlik verdiyi prinsiplərdən biridir. 

APA-nın fəaliyyəti Azərbaycanla məhdudlaşmır. Agentliyin Türkiyə, Rusiya, Gürcüstan və Fransada büroları fəaliyyət göstərir. Bürolar vasitəsilə qeyd olunan ölkələrin siyasi və iqtisadi gündəmi davamlı təqib olunur, baş verən hadisələr operativ şəkildə Azərbaycan oxucusuna çatdırılır. Bu dövlətlərin aparıcı ictimai-siyasi xadimləri ilə müsahibələr, rəsmi açıqlamalar almaq APA-nın xarici bürolarının əsas fəaliyyət istiqamətlərindən biridir. 

APA Avropa institutlarının fəaliyyətinin işıqlandırılmasında da lider mövqeyə malikdir. Agentliyin Avropa Şurasında qeydiyyatdan keçmiş nümayəndəliyi mövcuddur, Avropa Şurası Parlament Assambleyasının sessiyalarının işıqlandırılması, Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin operativ şəkildə oxuculara çatdırılması bu nümayəndəlik vasitəsilə həyata keçirilir. APA Avropa Şurasında rəsmi ofisə malik yeganə Azərbaycan kütləvi informasiya vasitəsidir. MDB məkanından Avropa Şurasında daimi əsasda fəaliyyət göstərən iki media qurumunda biri məhz APA-dır! Agentlik həmçinin Rusiya Xarici İşlər Nazirliyində də rəsmi akkreditasiyadan keçib. 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən açıqlamalar (sayt görüntüləri), Fuadın Ann Brassorla müsahibəsindən kadrlar, Rusiya XİN görüntüləri 

Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. 

Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Bu dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqda razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır. Müştərilərimiz arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan kütləvi informasiya vasitələrinin əksəriyyəti APA-nın abunəçisidir. 

Agentliyin 10 il ərzində uğurlu fəaliyyətinin səbəblərindən biri müasir informasiya texnologiyalarının imkanlarını xəbər istehsalı prosesinə uğurla tətbiq etməsidir. Müasir standartlara uyğun, informasiya təhlükəsizliyi qaydalarına tam şəkildə uyğunlaşdırılmış saytın fəaliyyəti, müştərilərə elektron xidmətlərin göstərilməsi APA-nın oxucu auditoriyasını hər gün genişləndirir. “Google Analitics” vasitəsilə xəbərlərin reytinq ölçümünü aparan APA daxili və xarici media bazarında şəffaf rəqabət siyasəti yürüdür. 

APA ölkədə gedən siyasi proseslərin işıqlandırılmasında da önəmli işlər görür. 2013-cü ildə keçirilən prezident seçkilərini işıqlandırmaq, həyata keçirilən tədbirlərdən operativ informasiya çatdırmaq APA-nın əsas prioriteti olub. Agentlik prezident seçkilərində ABŞ-ın “Arthur J. Finkelstein & Associates” (AJF) şirkəti ilə “exit-poll” keçirib, sorğular edib, səsvermə başa çatdıqdan sonra “exit-poll”un nəticələrini operativ şəkildə ictimaiyyətə açıqlayıb. 

Agentlik təkcə xəbər istehsalı ilə məşğul deyil, qurumun mütəxəssisləri analitik bülletenlər, bank renkinqləri tərtib edir, beynəlxalq təşkilatların sifarişi əsasında siyasi, iqtisadi mövzularda təhlillər hazırlayırlar. APA dünyanın bir çox analitik mərkəzləri, o cümlədən “Stratfor” Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir. Media məkanında sahib olduğu liderlik mövqeyi APA-nın bir çox xarici kütləvi informasiya vasitələrinin tərəfdaşına çevirib, əcnəbi media qurumları agentliyi tərəfdaş qismində görürlər. Bu tərəfdaşlıq APA-nın timsalında Azərbaycan mediasının dünya media məkanına inteqrasiyasında önəmli rol oynayır. APA həmçinin Global Gertification Limited şirkətinin “ISO 9001:2008 keyfiyyət idarəetmə sistemi” qlobal sertifikatını alıb. 

APA öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmuş, reklam bazarında tələbatları öyrənən və bu tələbatlara uyğun məhsullar təqdim edən bir media qurumudur. Agentliyin biznes fəaliyyətinin təşkili ilə xüsusi qrup məşğul olur. 

APA İnformasiya Agentliyi APA Holdingə daxil olan media qurumlarının onurğa sütununu təşkil edir. İlk günlərdən agentlikdə çalışmış bir çox əməkdaşlarımız hazırda fəaliyyətlərini APA Holdingə daxil olan APA TV, “APAsport”, “Lent.az” və digər media qurumlarında davam etdirirlər. 

APA İnformasiya agentliyinin ölkədə media sektorunun inkişafında fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə APA Holdinqin prezidenti Vüsalə Mahir qızına “Əməkdar jurnalist” adı verilib. Bundan başqa jurnalistlərin sosial məişət problemlərinin həlli istiqamətində atılmış addımlar çərçivəsində media işçiləri üçün tikilmiş çoxmənzilli yaşayış binasında APA İnformasiya Agentliyinin əməkdaşları da mənzillərlə təmin edilib. 

10 il! Bu, Azərbaycan mediasında APA İnformasiya Agentliyinin keçdiyi şərəfli dövrün tarixidir. Uğurlarının davamını diləyirik! Təbriklər, APA!

 

Müəllif | Apa.Tv
Apa.tv