Bakıda 45 min manata mirvari satılır! – XÜSUSİ REPORTAJ
"Paytaxt Bakı bu dəfə Yaponiya şirkətlərinin istehsal etdiyi məhsulların sərgisinə ev sahibliyi edir. Sərgiyə gələn ziyarətçilər burada Yapon məhsullarından əsasən yüngül sənaye məhsulları, suvenirlər, zərgərlik məmulatları, təbii kosmetik vasitələr, texniki avadanlıqlar üçün aksessuarlar, mətbəx avadanlığı, qida məhsulları, şərablar və digər məhsullar əldə edə bilərlər.
Bu sərgidə iştirak etmək və Azərbaycanla biznes əlaqələri qurmaq məqsədi ilə Yaponiyadan 24 şirkətin 40 nəfərlik nümayəndə heyəti Bakıya gəlib. APA TV-nin məlumatına görə, sərginin keçirilməsində əsas məqsəd Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan dostluq münasibətləri inkişaf etdirməkdir.
"Sərginin geyim əşyaları olan bölümü əsasən xanımların diqqətini çəkir. Burada dəridən olan əl çantalarının üzərində qədim yapon adət-ənənəsini özündə əks etdirən rəsmlər və cizgilər əks olunub. Xanımlar bu çantaların ən ucuzunu 350 manata, ən bahasını isə 1320 manata əldə edə bilərlər".
Sərgini dolaşdıqca burada olan yapon mətbəxinin müxtəlif təamları və içkiləri diqqətimizdən yayınmır. Bizim ağız dadımıza uyğun gəlməsə də, yaponlar bu qidaları sevə-sevə yeyirlər. Ətrafı bürüyən dəniz məhsullarının xoş ətri ziyarətçiləri bura cəlb edir.
"Yapon sərgisinə gəlib burada məşhur Uyemura mirvariləri kolleksiyasına baxmamaq mümkün deyil. Alıcılar isə bura mütləq cibləri dolu pulla gəlməlidirlər. Çünki burada satılan mirvarilərin ən ucuzu 2,5 manat, ən bahası isə 45 min manatdır”.
Kolleksiyaçı deyir ki, bu sənət ona ata-babalarından keçib. Lakin nəsillərindən fərqli olaraq o əldə etdiyi mirvarilərə xüsusi dizayn verib və onları nadir incilər olaraq satışa çıxarıb.
"Mənim atam, babam da mirvari satırdı. Lakin mənim öz üslubum var. Bilirəm ki, bura gətirdiyim məhsullar bahadır. Lakin dünyada bunun dəyəri çoxdur. Onların üzərində olan incə naxışları digər mirvarilərin üzərində görə bilməzsiniz".
Sərgidə İsmayıllı rayonundan gələn məktəblilər də iştirak edir. Yay aylarında İsmayıllı məktəblilərinin Yaponiyaya səfəri baş tutub. Bu səfər zamanı İsmayıllı ilə Yaponiyanın İto şəhərlərinin qardaşlaşması barədə saziş imzalanıb.
"Biz Yaponiya ilə qardaşlaşmış şəhər layihəsi üzərində çalışırıq. Yapon məktəbliləri ilə bizim şagirdlər hər gün yazışmalar aparır, onların yeni texnologiyalarını elmdə əldə etdikləri nailiyyətləri öyrənməyə çalışırlar. Bizim şagirdlər İsmayıllı rayon 1 saylı orta məktəbində fəaliyyət göstərən Yapon Mərkəzində yapon dilini öyrənirlər".
"Sərginin ən dəyərli eksponatı isə qızıldan olan səsgüçləndiricilərdir. Onların qiyməti 40 min avrodur. Şirkət rəhbərliyi deyir ki, maksimum 3 milyon 500 min manat dəyəri olan səsgücləndirici düzəldə bilirlər, bundan bahalısı isə hələlik onların imkanları xaricindədir".
Qeyd edək ki, "Birinci Yaponiya biznes festivalı” adlanan ikigünlük sərgi bu ölkənin “AS Global Management Co. LTD” şirkəti və “Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi tərəfindən təşkil olunub.