Millimiz yenə məğlub oldu
AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunlarına yekun vurulub. Son oyun günündə Azərbaycan millisi də meydana çıxıb.
APA TV-nin xəbərinə görə, yığmamız 2014-cü ildə son qarşılaşmasında Norveçlə münasibətlərinə aydınlıq gətirib. Uğursuz nəticələr üzündən millini tərk edən almaniyalı Berti Foqtsun istefasından sonra ilk dəfə rəsmi oyuna komandamızı Mahmud Qurbanov çıxarıb. Gənc çalışdırıcının yetirmələri son pillədən qurtulmaq üçün mütləq 3 xal qazanmalı idi. Lakin futbolçularımız ümumiyyətlə xal qazana bilməyiblər və 2014-cü ili xalsız başa vurmalı olublar.
“Bakcell Arena”da baş tutan görüşə qonaqlar yaxşı başladı. Yarım saatın tamamına 5 dəqiqə qalmış Havard Nortveyt Səlahət Ağayevi məyus edib.
Fasiləyə məğlub yollanan komandamız 2-ci hissədə oyunda dönüş yaratmağı bacarmayıb. Oyun 0:1 hesabı ilə Norveç yığmasının xeyrinə tamamlanıb.
Beləliklə, millimiz meydana çıxdığı 4-cü oyununda da məğlub olub.