Türkiyə millisində şok: Volkan Dəmirəl azarkeşlərdən küsdü, oyuna çıxmadı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Qazaxıstan oyunu ərəfəsində qeyri-adi hadisə baş verib. APA TV-nin məlumatına görə, Türkiyə millisinin üç qapıçısı isinmə hərəkətləri üçün meydana çıxıb. Bu vaxt "Türk Telekom Arena"dakı bir qrup azarkeş millinin əsas qapıçısı, "Fənərbağça" klubunda forma geyinən Volkan Dəmirəli fitə basıb, qapıçı ilə azarkeşlər arasında gərgin anlar yaşanıb. Türkiyə millsinin ilk 11-liyində yer alan futbolçu bundan sonra gözlənilmədən meydançanı tərk edib və oyuna çıxmayacağını bildirib.

 

Türkiyə millisinin baş məşqçisinin köməkçisi Volkan Dəmirəli sakitləşdirməyə çalışsa da, o, meydançaya qayıtmaqdan imtina edib. Oyunu izləyən jurnalistlərin sözlərinə görə, millinin qapıçısı stadiondan da çıxıb və evə gedib. İnsidentdən sonra Türkiyə millsinin baş məşqçisi Fatih Terim oyun başlamadan əsas heyətdə dəyişiklik etməli olub və Volkan Dəmirəli Volkan Babacanla əvəzləyib.

 

Fatih Terim oyundan sonrakı açıqlamasında araşdırma aparmadan hadisəni şərh etmək istəməyib. Lakin baş məşqçi Volkan Dəmirəlin stadionu tərk etmədiyini deyib.

 

İndi Türkiyənin idman mediasında müzakirə olunan əsas məsələ Volkan Dəmirəlin bundan sonra hansı addımı atacağıdır. Onun millidə oynamaqdan imtina edəcəyi əsas versiyalardan biridir.

Müəllif | Apa.Tv
Apa.tv