Bakıda xəstə gənc evlərini yandırdı, ailə evsiz qaldı
Ötən gecə Bakıda baş verən yanğın hadisəsi bir ailəni evsiz qoyub. APA TV-nin xəbərinə görə, hadisə Nizami rayonunda, Keşlə qəsəbəsindəki Nizami Abdullayev küçəsində baş verib. Sədaqət Məmmədovaya məxsus beş otaqlı, ümumi sahəsi 120 kv. metrdən çox olan ev yanaraq kül olub. Yanğın barədə məlumat daxil olan kimi hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin 6 yanğınsöndürmə briqadası cəlb edilib.
Ev sahibinin xəstə oğlu yanan mənzildən çıxarılıb və insan tələfatının qarşısı alınıb. Hadisə yerinə təcili tibbi yardim briqadası da gəlib. Ev sahibəsinə ilkin tibbi yardim göstərilib. Sədaqət Məmmədova yaşamağa yeri olmadığı üçün qonşusunun evinə sığınmalı olacaq: "Əlində alışqan və kibritlə oynayırdı. Əlindən alanda hirslənir, əlinə keçəni sındırır. Nə qədər gözlədim ki, əlindən alam, ala bilmədim. Qızımla düşdük aşağı, evi alov bürüdü. Gördüm ki, kibriti yandırıb, pərdənin yanında dayanıb. Heç nəyimiz qalmadı, sənədlərimizə qədər yandı. Bir cüt corab yoxdur ki, geyinək".
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Nazirliyin saytında yerləşdirilmiş məlumatda deyilir ki, paytaxtın Nizami rayonunda ümumi sahəsi 120 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 5 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb. Bitişik evlər yanğından mühafizə olunub.
Faktla bağlı Nizamı Rayon Polis İdarəsində araşdırma aparılır.