Türkiyə yığması ilk qələbəsini qazandı
Türkiyənin futbol millisi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb. APA TV-nin məlumatına Türkiyə millisi Qazaxıstan yığması ilə qarşılaşıb.
Oyundan əvvəl baş verən insidentdən sonra baş məşqçi Fatih Terim heyətdə dəyişiklik etməli olub və meydançanı tərk edən qapıçı Volkan Dəmirəlin əvəzinə digər qapıçı Volkan Babacana əsas heyətdə yer verib.
Seçmə mərhələnin ilk üç oyununda istədiyi nəticəni əldə edə bilməyən və cəmi 1 xalı olan Türkiyə millisi Qazaxıstan yığması ilə oyuna sürətli başladı. Müdafiəni irəlidə quran türkiyəli futbolçular oyunun meydançanın rəqibə aid hissəsində getməsinə nail oldu. Lakin oyunun ilk dəqiqələrində Türkiyə millisi təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkirdi. Nəhayət, 26-cı dəqiqədə Qazaxıstan millisinin qapısına penalti təyin edildi və Burak Yılmaz bu fürsətdən uğurla yararlandı - 1:0. Üç dəqiqə sonra Burak Yılmaz özünün və komandasının ikinci qolunu vurdu.
Birinci hissə Türkiyə millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatdı. İkinci hissədə Qazaxıstan millisi daha sürətli futbola üstünlük verirdi. Türkiyə millisi rəqibin qapısına 82-ci dəqiqədə növbəti dəfə yol tapdı. Sərdar Əziz komandasının üçüncü qolunu vurdu. Qazaxıstan millisi bu qollardan cəmi birinin əvəzini çıxa bildi. 87-ci dəqiqədə Türkiyə yığmasının qapısına penalti təyin edildi və Səməd Smakov komandasının təzəlli qolunu vurdu - 3:1.
Qrupdakı ilk qələbəsini qazanan Türkiyə millisi xallarının sayını 4-ə çatdırdı hazırda turnir cədvəlinin 4-cü pilləsindədir.