Cəbhə xəttində gərginlik davam edir
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyanberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çaylı, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Yeri gəlmişkən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə), Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər.