Dünyada növbəti iqtisadi və maliyyə böhranı gözləyir - Xəbərdarlıq!

Dünyada yeni maliyyə böhranı yaşanması ehtimalı var. APA TV-nin məlumatına görə, bu xəbərdarlıqla Böyük Britaniyanın baş naziri Devid Kemeron çıxış edib. Baş nazirin “G-20” sammitinin yekunlarına dair

“The Guardian” qəzetində nəşr olunmuş məqaləsində bildirilir ki, Brisbendə “G-20” liderləri ilə görüşlərin yekununda bu qərara gəlib. 
 

“Avrozona iqtisadi çöküşün üçüncü dalğası ilə üz-üzədir, bu prosesdə işsizlik səviyyəsi artacaq, inkişaf tempi azalacaq, qiymətlərin aşağı düşməsi riski yaranacaq. Bundan əvvəlki böhrandan çıxmağın ilk mərhələlərində dünyada iqtisadi inkişafın lokomotivi rolunu oynayan inkişaf etməkdə olan bazarlarda artıq dinamika aşağı düşməkdədir”. 
 

Devid Kemeron Britaniya iqtisadiyyatının “Böyük yeddilik” ölkələri sırasında ən yüksək inkişaf tempi göstərdiyini deyib. Lakin o hesab edir ki, dünya maliyyə sistemində yaşanacaq böhran Birləşmiş Krallıqda istehsal səviyyəsi və ixrac prosesinə neqativ təsir göstərəcək. Kemeron Ümumdünya Ticarət Təşkilatında islahatlar aparmağa tərəfdar olduğunu da vurğulayıb. 
 

Baş nazir əlavə edib ki, qeyri-stabilliyin hökm sürməsinə dünya ticarətinin liberallaşdırılmasına dair danışıqlardakı durğunluq, Yaxın Şərqdə münaqişələr, “Ebola” epidemiyası və Rusiya-Ukrayna münasibətlərində gərginlik mənfi təsir göstərir. 

Müəllif | Apa.Tv
Apa.tv