Azərbaycan Uşaqlarının III Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Uşaqlarının III Forumu başlayıb. APA TV-nin məlumatına görə, ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 350-dək uşağın iştirakı ilə keçirilən forumda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub: "Ümidvaram ki, forumunuz çərçivəsində uşaq problemlərinə dair aparacağınız fikir mübadiləsi, səmərəli müzakirələr və qəbul etdiyiniz qərarlar fəaliyyətinizdə sizə dəstək olacaq".

 

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova çıxışında bildirib ki, bu cür forumların keçirilməsi artıq ənənəyə çevrilib. Komitə sədri qeyd edib ki, uşaqların intellektual və hüquqi biliklərinin artmasında forumların xüsusi rolu var: "Keçən forumlarda qaldırılan məsələlərin demək olar ki, hamısı öz həllini tapıb. Elə erkən nikah yaşının 18 yaşa qaldırılmasını da burda bu uşaqlar təklif etmişdilər".

 

Forumda  xüsusi istedadı olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün uşaqlar nümayəndə qismində seçilib. Forumu uşaqlar özləri idarə edib. Forum zamanı bu gün uşaqlar üçün aktual hesab olunan 7 mövzu üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə qrup müzakirələr keçirilib: "Elə ailələr var ki, orda uşaqların hüquqları qorunmur, bəzilərində qorunur. O ailə ki, mehribandır, orda uşaqlarını çox istəyirlər. onların istirahətini sağlayırlar. Ancaq uşaqlarını incidən ailələr də var. Mən istəyirəm, Azərbaycan uşaqları vətənpərvər olsunlar, sülh şəraitində yaşasınlar".

 

"Mənə elə gəlir, Azərbaycana uşaqları öz hüquqlarını lazımınca bilir. Anaq bəzi uşaqlar var ki, bu barədə fikirləri yetərincə deyil. Fikrimcə, dərsdə onlara izah olunmalıdır. Bu hüquqlardan harada, necə istifadə etmələri izah ounmalıdır. Uşaqların hüquqları ailədə  bilərək, yaxud bilməyərəkdən pozulur. Onlar incidilir, dərsdən yayındırılır".

 

Forumun yekunu olaraq Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu iştirakçıları adından prezident İlham Əliyevə müraciət, Forumun Yekun Bəyannaməsi və Azərbaycan uşaqları adından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul ediləcək.

 

Müəllif | Apa.Tv