Məşhur yazar Avropa Azərbaycan Məktəbində uşaqlarla görüşüb

“TEAS Press” Nəşriyyat Evinin dəvəti ilə Bakıda səfərdə olan dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyams Avropa Azərbaycan Məktəbində uşaqlarla görüş keçirib. APA TV-nin xəbərinə görə, görüşdə yazar nəşriyyat evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş kitablarından birini - “Göyərçini avtobus sürməyə qoyma” kitabını məktəblilər və valideynlərlə müzakirə edib. Görüş uşaqlar və valideynlər tərəfindən böyük maraqla izlənilib, hər kəs Mo Uilyamsla birgə göyərçin şəklinin ən sadə yolla çəkilməsi yollarını öyrənib.

 

Daha sonra uşaqlar nağıl kitablarındakı personajların şəkilləri ilə bəzədilmiş keks yeyiblər. Sonda Mo Uilyamsın kitabları da daxil olmaqla  “TEAS Press” Nəşriyyat Evinin azərbaycanca nəşr etdiyi 20 kitabın təqdimatı keçirilib. Amerikalı yazıçı əsərlərini xoş sözlərlə birlikdə uşaqlar üçün imzalayıb.

 

Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib. Bunlar “Mən qonaqlığa dəvət almışam”, “Sənin başında quş var”, “Göyərçini avtobus sürməyə qoyma”, “Göyərçin küçük saxlamaq istəyir” və “Bala dovşan” kitablarıdır. Uşaq kitabları “TEAS Press” tərəfindən tərcümə və dizayn edilib.

 

Qeyd edək ki, Mo Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. “Doqquz il Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6 “Emi” mükafatına layiq görülüb. O, “Nickeladeon” və “Cartoon Network” uşaq telekanalları üçün cizgi filmləri çəkib.

 

Müəllif | Apa.Tv