Şəkidə su elektrik stansiyası istifadəyə verilib

Şəki su elektrik stansiyasının ikinci qurğusunun açılış mərasimi keçirilib. Qurğunun quraşdırılması Azərbaycan Respublikası Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA)  və BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib.  Layihə Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə AREA-nın sədri Akim Bədəlov, Avropa İttifaqının Azərbaycandakı Missiyasının rəhbəri xanım Malena Mard, BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Antonius Bruk və Norveçin Azərbaycandakı Səfirliyinin Birinci Katibi  Marko Soldiç layihənin əsas tərəfdaşları qismində iştirak ediblər. Akim Bədəlov layihə tərəfdaşlarına etdikləri töhfələrə görə təşəkkür edib, Azərbaycan Hökuməti və AREA-nın ölkədə alternativ enerji mənbələrini inkişaf etdirmək istəyini vurğulayıb. Çıxış nitqində Antonius Bruk qurğunun hazırlanıb uğurla təhvil verilməsi işindən razı qaldığını və bu layihənin çoxtərəfli tərəfdaşlığa bariz nümunə olduğunu  bildirib. 

 

Daha sonra stansiya ilə tanışlıq olub. Quraşdırılmış qurğunun gücü 580 kilo-vata bərabərdir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov