Bakıya 50 iritutumlu marşrut avtobusu gətirilib
"Bakı ətraf qəsəbələrinin əksəriyyətində yollar darısqal və təmirsiz olduğundan orada iri tutumlu marşrut avtobuslarının hərəkəti mümkünsüzdür. Bu səbəbdən həmin ərazilər yalnız orta tutumlu avtobuslarla təmin ediləcək".
Bunu APA TV-yə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib: "Bakıətrafı qəsəbələrdən Sevil qəsəbəsi, Biləcərinin daxilində olan yollar və bir sıra qəsəbələrdə yollar həddindən artıq darısqal və yararsızdır. Bir sıra hallarda buna əhalinin ərazidə nizamsız şəkildə ev tikməsi səbəb olub. Eyni zamanda yolların darısqallığı orada təmir-bərpa işlərinin aparılmasına da maneələr yaradır. Bu da birmənalı olaraq marşrut avtobuslarının rahat hərəkət etməsində problemləri ortaya çıxarır. Bu problemlərin müsbət həlli istiqamətində Nəqliyyat Nazirliyində artıq müzakirələr aparılır".
Rəis müavini bildirib ki, hazırda 2015-Olimpiya oyunları ilə əlaqədar olaraq Türkiyə şirkətləri ilə bağlanmış müqavilə əsasında ölkəyə Avropa standartlarına cavab verən 50 iritutumlu marşrut avtobusu gətirilib. Bu avtobuslar hər biri 60 nəfərlik tutuma malikdir. Hazırda avtomobillər texniki baxışdan keçirilir.
Nazirlik rəsmisi deyir ki, yaxın günlərdə ölkəyə əlavə avtobusların da gətirilməsi gözlənilir. Bu dəfə gətiriləcək avtobusların sayı 300 olacaq. Yeni avtobusların gətirilməsindən sonra paytaxın mərkəzi hissəsində fəaliyyət göstərən və istismar müddəti başa çatan nəqliyyat vasitələri xətdən kənarlaşdırılacaq. İstismara yararlı avtobuslar isə ətraf qəsəbələrdə istismar olunacaq.