Moskvada azərbaycanlını oxla öldürən qadın killerə hökm oxunub
Arbaletin öldürmə gücünü müəyyən etmək üçün Moskvada təsadüfən tanış olduğu azərbaycanlını öldürən "killer" qadına hökm oxunub. APA TV-nin məlumatına görə, Moskva məhkəməsi silahı əldə edən Sergey Kuznetsovu 12, onunla əlbir olan qadın Marina Çertovanı isə 11 il azadlıqdan məhrum edib. Sergey Kuznetsov cəzasını ciddi rejimli, qadın isə ümumi tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hadisə 2012-ci ilin 13 sentyabr tarixində baş verib. Moskva dairəvi avtomobil yolunun 6-cı km-də 29 yaşlı azərbaycanlının kürəyindən oxla vurulmuş meyiti aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Moskva sakini, 41 yaşlı Sergey Kuznetsov borclu olduğu şəxsləri öldürmək qərarına gəlib. O, əvvəlcədən sualtı ov üçün nəzərdə tutulmuş arbalet əldə edib və cinayət planı qurub. Bu məqsədlə o, yenicə tanış olduğu 33 yaşlı Marina Çertova ilə cinayət anlaşmasına girib.
Silahı yoxlamaq üçün qadın yol kənarındakı kafelərdən birində naməlum kişi ilə tanış olub və bəhanə ilə onu yaxınlıqdakı gölməçənin yanına gətirib. Orada o əvvəlcədən doldurulan və kolda gizlətdiyi arbaletlə 29 yaşlı azərbaycanlının kürəyini nişan alıb. Həmin şəxs aldığı xəsarətdən hadisə yerinə ölüb.