Azərbaycanın aldığı yeni təyyarə Bakıya gətiriləcək
Azərbaycanın aldığı "Boeing-787 Dreamliner" təyyarəsi noyabr ayının sonlarında Bakıya gətiriləcək. Bu barədə APA-ya "Azərbaycan Hava Yolları" QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, sifariş verilmiş ikinci "Boeing-787 Dreamliner" təyyarəsi isə 2015-ci ilin əvvəlində Azərbaycana gətiriləcək. "Bu təyyarələrlə ABŞ-ın Nyu-York, Çinin Pekin və Avropanın bir neçə şəhərinə uçuşlar yerinə yetiriləcək" deyə Məhərrəm Səfərli vurğulayıb. Qeyd edək ki, "Boeing 787 Dreamliner" istehsalçı şirkətin açıqladığı məlumata əsasən digər təyyarələrdən 20 faiz az yanacaq sərf edir. Təyyarənin 290-330 sərnişin tutumlu versiyaları var. Uçuş mənzili modelinə görə, 2500 - 8500 dəniz milidir. İlk "Dreamliner" 2011-ci ildə istismara verilib.