Firudin Sadıqov: "Azərbaycan lazım bilsə, meyitlərin götürülməsinə icazə verəcək"
"Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopter Azərbaycan ərazisində vurulub".
APA TV-nin xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib. Onun sözlərinə görə, meyitlər hələ də ərazidədir: “Azərbaycanın Ermənistanla sərhədi Kəlbəcər rayonundan başlayır. Vertolyot Ağdamda vurulub. Onlar istəyir buna Ağdam desin, istəyir Stepanakert desin. Meyitlər orada qalıb və heç bir tərəfdən götürmək mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur. Azərbaycan lazım bilsə, buna icazə verəcək, lazım bilməsə verməyəcək".
Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı vəziyyətə toxunan Firudin Sadıqov bildirib ki, məhkəmə zalındakı proseslər də daxil olmaqla onların saxlanılmasınadək beynəlxalq hüquqi normalara ziddir: "Əvvəla onların öz dillərində özlərini müdafiə etmək imkanı yoxdur. Onlar deyirlər ki, tərcüməçi tutublar. Ancaq o nə Azərbaycan dilini, nə də rus dilini yaxşı bilir. Dilqəm və Şahbazın cavablara hazırlaşmaq imkanı yoxdur. Hətta Dilqəm nəsə yazanda yanındakı tez baxır ki, görsün nə yazır. Yəni, onları məcbur edirlər ki, onların başa düşdükləri dildə qeydlərini aparsın".
Onun sözlərinə görə, indiyə qədər 4 mindən artıq itkin düşmüş şəxs var. Hazırda komissiya onların axtarışı ilə məşğul olur. Dövlət Komissiyasının yaradılmasından keçən 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının bir qisminin cənazəsi Azərbaycana gətirilib.