DİN Azərbaycana narkotik gətirən İran vətəndaşının görüntülərini yaydı
Daxili İşlər Nazirliyi (DİN) İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən İran vətəndaşının görüntülərini yayıb. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumatda qeyd olunur ki, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində müxtəlif tərkibli külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Həmin narkotik vasitələrin satılacağı barədə polisə əməliyyat məlumatı daxil olub. Biləsuvar rayonu Amankənd kəndinin ərazisində keçirilən əməliyyat zamanı İran vətəndaşı, 38 yaşlı Həmid Qureyşi 6 kiloqrama yaxın tiryəki satmaq istəyərkən yaxalanıb. Həmid Qureyşi ilkin ifadəsində bildirib ki, narkotiki İranda bir tanışından alıb. Daha sonra isə başqa bir həmyerlisinə verərək qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirməyi tapşırıb. Tiryək Biləsuvar rayonu ərazisinə gətirilərək kimsəsiz ərazidə basdırılıb. Bundan sonra Həmid Qureyşi Biləsuvara gələrək narkotiki basdırıldığı yerdən çıxarıb və satmaq üçün müştəri axtarıb.
Keçirilən daha bir birgə əməliyyat nəticəsində Yardımlı rayonu ərazisində narkotik vasitələrinsatışının qarşısı alınıb. Bakı şəhər sakini, 34 yaşlı Əzməmməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb və onun əlindəki bağlamadan 1 kiloqram tiryək, 6 kiloqram həşiş qətranı aşkarlanaraq maddi sübut kimi götürülüb. Əzməmməd Məmmədov bildirib ki, narkotiki ona İranda tanış olduğu bir nəfər qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxs həşiş və tiryəki Yardımlı rayon Perimbel kəndində təhvil alıb. Lakin əməliyyatçılar onu dərhal yaxaladığından narkotiki satmağa imkan tapmayıb.
Faktlarla bağlı cinayət işi başlanıb.