Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının oktyabr ayında həyata keçirdiyi tədbirlər nəticəsində 11 halda 13 kiloqram narkotikin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə APA TV-yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Oktyabr ayının 5-də Biləsuvar rayon Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində “BYD” markalı Az 99-FT-854 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Kürdəmir rayon sakinləri Əsgərov Hafiz Ələsgər oğlu və Rəhimov İxtiyar Məhəmmədhüseyn oğlu ərazidə əvvəlcədən gizlədilmiş 4 kiloqram 800 qram tiryəki götürərkən saxlanılıb. Oktyabr ayının 18-də “Masallı-Yardımlı” magistral yolunun Arus kəndi ərazisindən keçən hissəsində Yardımlı rayon sakini Ələkbərov Cahid Mətləb oğlu su borusunun yanında plastik qabda gizlədilmiş 2 kiloqram 300 qram tiryək aşkarlanıb. Həmin gün “Ələt-Astara” magistral yolunun 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində yolun kənarında Lənkəran şəhər sakini Hüseynov Rövşən Məzahir oğlu ağaclıqda gizlədilmiş 2 kiloqram tiryək, 470 qram heroini götürərkən saxlanılıb.

 

Oktyabr ayının 28-də Füzuli Füzuli rayon Böyük-Bəhmənli kənd ərazisindəki zastavanın xidməti sahəsində Aşağı Yağlıvənd kənd ərazisində dəmir yolu keçidinin ətrafında “Niva” markalı Az 99-AC-414 dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini -  Orucov Ceyhun Telman oğlu, Bakı şəhər sakinləri Mirzəyev Qədir Səftər oğlu və Əliyev Rasim Əbülfət oğlu saxlanılıb. Onlardan 2,460 kq qurudulmuş marixuana və 2 ədəd 0,5 litrlik plastik qabda “Metadon” məhlulu aşkarlanıb. Sərhəd buraxılış məntəqələrindən Azərbaycan keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 2 halda “Biləsuvar” SNM-də 1 kiloq­ram 2 qram, 4 halda “Astara” SNM-də 161 qram, 1 halda isə “Şıxlı” SNM-də 4 qram narkotik vasitələr aşkar olunaraq götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv