Elman Rüstəmov: “Ölkədə ipoteka portfeli 1 milyard manatdır”
"Azərbaycanda ipoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olub. Hazırda ölkədə ipoteka portfeli 1 mlrd. manat təşkil edir".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov belə deyib: "Bu məbləğin təxminən 600 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə verilib. Bu məbləğə dövlətin ayırdığı vəsaitlər, eləcə də fondun özünün vəsaitləri də daxildir. Bankların öz vəsaitləri hesabına isə ümumilikdə 400 mln. manat həcmində ipoteka krediti verilib”.
Elman Rüstəmov yeni ipoteka strategiyasının bəzi detallarını açıqlayıb. Burada üç prinsip əsas götürülüb. Bunlar güzəştli ipotekanın dövlətin himayəsində qalması, kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və "Alman modeli" deyilən ipotekanın tətbiq edilməsidir.
Elman Rüstəmov ölkədə həddindən artıq borclanma yarandığını deyib, əlavə edib ki, neftin qiymətinin uzun müddət aşağı düşməsi üçün fundamental əsaslar yoxdur.
Sədr qeyd edib ki, devalivasiyadan ən birinci itirən əhali olur. Məhz buna görə, dövlət müvafiq qabaqlayıcı işlər görür.