İşçi qrupunun rəhbəri: "Azərbaycandakı erməni ailəni qəbul edən ölkə yoxdur"
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə razılıq əsasında itkin düşmüş şəxslərlə bağlı pilot layihə həyata keçirir.
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov deyib ki, həmin layihə çərçivəsində 400 nəfərdən buqqal nümunə-ağız şirəsi toplanıb: “Həmin nümunələr tədqiq olunmaq üçün xarici ölkələrdən birinin laboratoriyasına göndəriləcək. Onun nəticəsindən asılı olaraq, biz fəaliyyətimizi müəyyənləşdirəcəyik. Nümunələrin toplanması, saxlanması adi proses kimi görünə bilər. Ancaq orada çətin məsələlər də var. Adicə buqqal nümunələrin xaricə aparılması, sonra geri qaytarılması böyük bir prosesdir”.
2010-cu ildən Azərbaycan tərəfə keçən və üçüncü ölkəyə getmək arzusunda olduğunu deyən Ermənistan vətəndaşları Yegişə, Ruzanna, Alfrde, Qayane və Petros Gevorkyanın taleyinə aydınlıq gətirən Firudin Sadıqov bildirib ki, onlara qarşı beynəlxalq humanitar hüquq normaları əsasında davranılır. 4 ildir ki, qaçqın kimi saxlanılan həmin ailənin üçüncü ölkəyə getməsi komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətlərinə aid deyil: "Bu məsələ ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Baş Komissarlığının Azərbaycan üzrə nümayəndəliyi məşğul olur. Lakin onu deyə bilərəm ki, onları qəbul edəcək ölkə hələ ki, tapılmayıb” .
İşçi Qrupunun rəhbəri əlavə edib ki, 2008-ci il 14 aprel tarixində Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanan memorandum əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təlim keçmiş könüllüləri itkin düşmüş şəxslərin ailələrinə baş çəkərək ətraflı məlumatlar toplayıblar.