Nazir: "Dövlət Neft Fondu büdcəyə 10 milyard manat ayıracaq"

 

“Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində də öz əksini tapıb”.

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin sədri Oktay Əsədov “Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri barədə məlumat verib: "“2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faizi həcmində olmaqla 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır”. 

 

Nazir qeyd edib ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Layihədə dövlət büdcəsinin kəsiri 1 mlrd. 662 mln. manat nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17 mln. manat və ya 1 faiz azdır: “2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Layihədə qeyd olunur ki, 2014-cü illə müqayisədə icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat, xərcləri isə 1 mld. 467,1 mln. manat çox nəzərdə tutulub”.

 

2015-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırıldığını deyən maliyyə naziri gələn il bu layihənin reallaşdırılmasına icmal büdcənin xərclərinin 2,269 milyard manat təşkil edəcəyini də söyləyib.

 

2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasına 300 milyon manat ayrılacaq.

 

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, BVF-na görə, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5% təşkil edəcək. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı