"Erməni zabitlər azərbaycanlıların məzar daşlarından ev tikdiriblər"

"Ermənilərin azərbaycanlıları əsir saxladıqları zaman çox ağır işlərə cəlb etdiklərini təsdiqləyən faktlar var".

APA TV-nin xəbərinə görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, komissiya son azərbaycanlının da axtarıb tapılmasını qarşısına məqsəd qoyulub: “Həmin əsirlərdən azərbaycanlıların məzarının sökülməsində istifadə ediblər. Bu, beynəlxalq hüquqa ziddir. Əsirlər hansısa işə cəlb oluna bilməz. Orda bir neçə erməni zabit məzar daşlarından ev tikdirib, içində yaşayır".

 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda keçirilən tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, Ermənistan, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birliklər və qeyri-hökumət təşkilatları 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünü kütləvi tədbirlərlə geniş coğrafi miqyasda qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi arenada söz sahibi olan ölkələri ciddi cəhdlə qondarma "soyqırım"ın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatları son aylarda daha da fəallaşıb.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov bildirib ki, müstəqilliyimizin bərpasının ilk illərində ermənilər tərəfindən bir sıra terror hadisələri, Xocalı soyqırımı kimi faciələr törədilib ki, bunun nəticəsində yüzlərlə azərbaycanlı öldürülüb.

Tədbirdə çıxış edən DİA-nın professoru Elman Nəsirov, təhsil nazirinin müşaviri İlham Pirməmmədov bildirib ki, gənclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müfəssəl məlumatlı olmalı, xarici ölkələrdə, müxtəlif yerlərdə debatlarda bu mövzuda rahat çıxış edə bilməlidirlər. Tədbirin sonunda MTN-in İctimai Əlaqələr Mərkəzi və İctimai Televiziyanın birgə hazırladıqları "Dünya həqiqətləri bilməlidir" sənədli filmi nümayiş etdirilib.
 

Konfrans Milli Təhlükəsizlik Nazirliyi (MTN), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. 

Müəllif | Apa.Tv