"Heydər Əliyev və Azərbaycan tarixi" yarışının qalibləri mükafatlandırılıb
Bu gün Bakı Slavyan Unversitetində noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışının qalibləri mükafatlandırılıb. APA TV-nin xəbərinə görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin qalibi Bakı Slavyan universitetinin komandası olub. Universitetin rektoru Asif Hacıyev bildirib ki, bilik yarışının keçirilməsində məqsəd Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliğ edilməsidir.
Komandanın üzvü Sevinc Cabbarlı bunları deyib: "Biz üçüncü turda yəni son turda gərgin mübarizədən sonra 35 xalla qalib olduq. Rəqiblərimiz Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universiteti idi. İnanırdıq ki, qalib olacağıq. Hər bir həmkarımızı rəqib gözündə görürdük və beləliklə qalib olduq".
Qeyd edək ki, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.