Fransa futbolunda böyük əməliyyat: 9 nəfər həbs edildi

Futbol dünyasında son illərdə tez-tez rast gəldiyimiz cinayət araşdırmaları bu dəfə Fransada geniş əks-səda doğurub. APA TV-nin məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat çərçivəsində 9 nəfər həbs edilib.

 

Andre Pyer-Jinyakın "Tuluza"dan "Marsel"ə transferi ilə bağlı araşdırmalarla əlaqədar tutulanlar arasında "Marsel" klubunun prezidenti Vensan Lyabrün və klubun baş direktoru Filipp Peres də var. Bundan başqa, 2004-2009-cu illərdə "Marsel"ə rəhbərlik edən Pape Diuf, 2009-2011-ci illərdə klub prezidenti olmuş Jan-Klod Dasye də həbs edilib.

 

İstintaq 28 yaşlı hücumçunun 2010-cu ilin avqustunda həyata keçirilən transferi ilə əlaqədar qanunsuz komissiya məbləğinin alınıb-alınmadığını araşdırır. Hazırkı klub prezidenti Vensan Lyabrün həmin vaxt "Marsel"də müşahidə şurasının sədri, Jan-Klod Dasye isə klub prezidenti olub.

 

Qeyd edək ki, "Marsel" Fransa çempionatının hazırkı mövsümündə 13 turdan sonra turnir cədvəlinə liderlik edir. Transferi qalmaqala səbəb olan Andre Pyer-Jinyak bu mövsüm 10 qol vurub.

 

Digər cinayət işi isə danışılmış oyunlarla bağlıdır. "Kan" klubu Fransa çempionatının 2-ci liqasında çıxış etdiyi dövrdə oyun alverində ittiham olunur. Əsas şübhələr bu il mayın 13-də "Kan" - "Nim" oyununa yönəlib. "Kan" həmin oyundakı 1:1 hesablı heç-heçə nəticəsində 1-ci liqaya vəsiqə qazanıb, "Nim" isə 2-ci liqada qalmağı təmin edib.

 

Bu işin araşdırılması çərçivəsində "Kan" klubunun prezidenti Jan-Fransua Forten və "Nim"in rəhbəri Jan-Mark Konrad da həbs edilib. 

Müəllif | Apa.Tv
Apa.tv