MN: Kaspşik helikopterin vurulduğu əraziyə getməyib
"ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ötən gün Ağdam rayonunda ermənilərə məxsus Mi-24 hərbi helikopterinin vurulduğu əraziyə baxış keçirməsi barədə yayılan məlumatın heç bir əsası yoxdur".
Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Vaqif Dərgahlının sözlərinə görə, monitorinq qoşunların təmas xəttində, əvvəlcədən müəyyənləşdirilmiş və planlaşdırılmış ərazidə - Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçirilib və insidentsiz başa çatıb.
“Bəzi KİV-lər ATƏT-in mətbuat xidmətinə istinadən Anjey Kaspşikin vurulmuş helikopterin düşdüyü ərazidə olması barədə məlumat yayıb. Bu, yalandır. Onların təhlükəsizliyinə müəyyən olunmuş, yalnız monitorinqin keçirildiyi ərazidə zəmanət verilib. O ərazi isə helikopter düşən yerdən 20 km aralıdadır” - deyə nazirlik sözçüsü bildirib.