Bakıda korrupsiya əleyhinə beynəlxalq tədbir keçirilir

Bakıda Beynəlxalq Anti-Korrupsiya Akademiyasının 3-cü illik konfransı keçirilir. Konfrans 19-21 noyabr tarixlərində baş tutacaq. APA TV-nin məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, BMT yanında yaradılmış bu beynəlxalq təşkilatın tədbirinin Bakıda keçirilməsi təsadüf deyil və Azərbaycanda siyasi iradəyə uyğun olaraq aparılan korrupsiyaya qarşı mübarizə işlərinə verilən qiymətin təzahürüdür. Konfransda dünyanın 45 ölkəsindən bu sahədə ixtisaslaşmış mütəxəssislər iştirak edəcək və nəzəri və praktik müzakirələr aparılacaq. Akademiyanın dekanı və icraiyyə komitəsinin rəhbəri Martin Kreutner dünyanın 60 ölkəsinin, o cümlədən Azərbaycanın bu təşkilata daxil olduğunu və nizamnaməsini imzaladığını deyib. Onun sözlərinə görə, 4 il əvvəl təsis olunan akademiyanın ilk konfransı 2012-ci ildə Avstriyada, 2-ci konfransı isə ötən il Tailandda keçirilib. Konfransdan öncə qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidləri Xiyabanını ziyarət ediblər.  

Müəllif | Apa.Tv
Apa.tv