Bakıda 50-yə yaxın quldurluq faktı törədən cinayətkar dəstə ələ keçib - EKSKLÜZIV
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində çoxsaylı quldurluq, soyğunçuluq və oğurluq cinayəti törətmiş 3 nəfəri yaxalayıb. APA TV-nin məlumatına görə, bunlar Yevlax rayonunda anadan olan 27 yaşlı Rəhman Məmmədov, Muxtar Rəhimov və Bakı şəhər sakini, 24 yaşlı Samir Yadigarovdur. Onların 50-yə yaxın müxtəlif cinayət törətdiyi istintaqla sübuta yetirilib. Məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl Nərimanov rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına quldur basqını ediblər. Onlar gecə saatlarında mağazanın yaxınlığına gələrək başlarına maska keçiriblər. Rəhman Məmmədov mağazanın gözətçisini yerə yıxaraq əl-ayağını bağlayıb.
Rəhman Məmmədov deyib ki, içəri girən kimi gözətçinin əl-qolunu bağlayıb. Seyfi götürüb gediblər və gözətçi o vəziyyətdə qalıb. Digər saxlanılan Samir Yadigarov deyib ki, seyfdən 19.000 manat çıxıb, pulu bölüçüblər.
Muxtar Rəhimovla Samir Yadigarov isə içəri daxil olaraq içərisində külli miqdarda pul olan seyfi götürərək içərisində olan 23 min manat pulu mənimsəyiblər. Pullar elə oradaca bölüşdürülüb. Müəyyən edilib ki, bu ilin avqustunda Fətəli Xan Xoyski küçəsində yerləşən valyutadəyişmə məntəqəsinə basqını da bu qrupun üzvləri həyata keçiriblər. Seyfi sındıran qrup üzvləri 4500 manat pulu aparıblar. O da məlum olub ki, saxlanılan şəxslər bir neçə ay əvvəl vətəndaş Qönçə Məmmədovaya zor tətbiq edərək 8300 manat və ümumilikdə bir il ərzində 20-yə yaxın vətəndaşa zor tətbiq edərək külli miqdarda pul və qızılı soyğunçuluq yolu ilə ələ keçiriblər.