ADA Universitetində xarici diplomatlar üçün təlim kursuna başlanıb

ADA Universitetinin İxtisasartırma Proqramları noyabrın 19-da xarici diplomatlar üçün təlim kursuna başlayıb. APA TV-nin verdiyi xəbərə görə, təlim kursunun açılışında universitetin prorektoru Fariz İsmayılzadə çıxış edərək bildirib ki, məqsəd xarici diplomatlara və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında daha müfəssəl məlumat verməkdir. Eyni zamanda kurs müddətində iştirakçılar bu regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari-iqtisadi münasibətləri, geosiyasi və regional təhlükəsizliyi və digər məsələlər barədə məlumatlandırılacaqlar. Kursda Əfqanıstan, Argentina, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, Xorvatiya, Misir, Malayziya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya və Türkmənistanın Xarici İşlər Nazirliklərində çalışan yüksək və orta çinli 16 diplomat iştirak edir. Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri var. Proqram çərçivəsində iştirakçılar Azərbaycan Xarici İşlər Nazirliyində, Səngəçal terminalında olacaq, Şəki və Qəbələ regionlarına səfər edəcəklər. Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar. Xatırladaq ki, 2010-cu ildən etibarən keçirilən bu təlimdə indiyədək Asiya, Afrika, Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrindən diplomatlar, o cümlədən ABŞ-dan tədqiqatçılar və tələbələr iştirak ediblər.

 

Müəllif | Apa.Tv