ATƏT PA-nın vitse-prezidenti: "Azərbaycanlı girovların məhkəməsi qanunsuzdur"
"ATƏT PA tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda azərbaycanlı girovlar üzərində qurulan "məhkəmə"ni qanuni hesab etmir".
APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar: "Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun olmalıdır və məsələ bu yolla həll edilməlidir".
Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib. "Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar" - deyə vitse-prezident deyib.