Göyçayda kafe sahibi müştərini öldürdü

Göyçay rayonunun Qarabaqqal kəndində qətl törədilib. Hadisə kənddəki kafelərin birində baş verib. Kafenin sahibi, 31 yaşlı Quliyev Ceyhun Atamoğlan oğlu həmkəndlisi, 46 yaşlı Əkbərov Mətləb Azər oğlunu bıçaqlayıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, aralarında kafenin sahibi Ceyhun Quliyevin də olduğu dörd nəfər həmyerli kafedə içki məclisi təşkil edib. Az sonra içkinin təsirindən onların arasında mübahisə yaranıb. Mübahisə Quliyev və Əkbərov arasında narazılığa çevrilib. Bu zaman Ceyhun qəflətən masanın üzərindəki bıçağı götürərək Mətləb Əkbərovun qarın nahiyəsindən zərbə endirib. Ara qarışan vaxt kafenin sahibi hadisə yerindən uzaqlaşıb. Mətləb Əkbərov Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bıçaqladığı adamın öldüyünü eşidən Ceyhun Quliyev polisə könüllü təslim olub. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov