Novruz Məmmədov: "Həmsədrlər beynəlxalq hüququ kənara qoyub"
"22 ildə Azərbaycan Qərblə əməkdaşlıqda böyük uğurlar qazanıb. Bu prosesdə QHT-lərin iştirakı vacibdir”.
APA TV-nin məlumatına görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov qeyd edib ki, dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı: “Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı. Azərbaycana qarşı atılan addımlar barədə isə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi. Xatırladım ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? ATƏT-in Minsk Qrupunun həmsədrləri niyə uğurlu addım ata bilmir? Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri də beynəlxalq hüququ kənara qoyub".
Novruz Məmmədov bildirib ki, Ermənistan son məqama qədər Avropa İttifaqı ilə “Assosiasiya sazişi” imzalamaq istədiyini bəyan etsə də, Ermənistan prezidenti son gündə başqa ittifaqa daxil olduqlarını açıqlayıb.