Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi keçirilir

Noyabırın 19-da “Bakı Ekspo Mərkəzi”ndə ətraf mühitin mühafizəsi üzrə 5-ci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisinə baxış keçirilib. APA TV-nin xəbərinə görə, sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunub. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, 5 il öncə sərgidə nümayiş olunan bu texnologiyalar haqda heç bir təsəvvür olmayıb, amma bu gün onların böyük əksəriyyəti Azərbaycanda tətbiq edilir: "İlbəil sərgi də böyüyür, xaricdən gələn şirkətlərin sayı da çoxalır. Azərbaycanda bu tip sərginin keçirilməsi "yaşıl iqtisadiyyat" bazarının böyüməsinin əlamətidir. 7 il öncə güclə bir şirkət tapırdıq ki, bizə kömək etsin. İndi artıq eyni xidməti göstərən 7-8 şirkət Azərbaycana maraq göstərir və bura gəlib. Ətraf mühitin mühafizəsinə həsr olunan belə sərgi  keçmiş SSRİ ölkələri arasında keçirilən yeganə sərgidir”.

 

Sərgidə Azərbaycan, Çexiya, Böyük Britaniya, Almaniya, Danimarka, İsveç, Fransa və digər ölkələrdən 77 şirkət iştirak edir.

 

Sərgi noyabrın 21-dək davam edəcək.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova