DSMF sədri Salyanda 9 rayonun sakinlərini qəbul etdi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Salyanda 9 rayonun sakinləri üçün qəbul keçirib. APA TV-nin məlumatına görə, qəbulda Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri iştirak edib. Vətəndaşlar Elman Mehdiyevə pensiya təyinatı, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib. Fondun məsul əməkdaşlarının və rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dək vətəndaşın müraciətinə baxılıb. Qəbul “Açıq qapı” şəraitində davam etdirilib.