Bahar Muradova büdcədən QHT Şurasına ayrılan vəsaitin artırılmasını təklif edib
“Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmi artırılmalıdır”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisdə 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı parlamentin vitse-spikeri Bahar Muradova deyib: "Kim düşünürsə, 6 milyon manat Şura üçün yetərli vəsaitdir, belə deyil. Dünən Azay Quliyev təklif etdi ki, vəsait 10 milyon manata qaldırılsın. Mən bilmirəm, bu vəsait nə qədər artırılmalıdır, amma onu bilirəm ki, Şuraya ayrılan maliyyə vəsaitinin artırılmasına ehtiyac var. Mən xarici donorların ölkədə fəaliyyətinin daha da məhdudlaşdırılmasının tərəfdarıyam. Amma yerli donorlardan da vəsait almaq asan olmalıdır”.
Millət vəkili Yevda Avramov da QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin həcminin artırılmasının tərəfdarı olduğunu bildirib.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycana dəyə biləcək ziyan barədə səslənən fikirlərə münasibət bildirib. Valeh Ələsgərov deyib ki, Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb. Büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb və hər sahəyə pul artırılması ilə bağlı deyilən təkliflər başa düşülən deyil.
Millət vəkili Musa Quliyev Azərbaycanda elektron kənd təsərrüfatı proqramı yaradılmasına ehtiyac olduğunu deyib.
Müzakirələr zamanı millət vəkilləri xaricdə təhsil alan tələbələrin dövlət qulluğuna imtahansız qəbul olunsunması, ölkədə sosial evlərin tikilməsi, həkimlərin kəndlərdə işləməsini həvəsləndirmək üçün xüsusi imtiyazların verilməsi və s. təkliflərlə çıxış ediblər.