Anjey Kaspşik helikopterin düşdüyü əraziyə getmədiklərini təsdiqləyib
"Rəsmi Bakı ATƏT missiyasına noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş ermənilərə məxsus Mi-24 hərbi helikopterinin düşdüyü yerə getmək icazəsi verməyib".
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndidə televiziyaya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ərazidə ATƏT nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyəcəyini nəzərə çatdırıb: “İstənilən monitorinq əvvəlcədən planlaşdırılır. Növbəti monitorinqin keçirilməsi üçün müraciətimiz helikopterin vurulmasından öncə olub. Təbii ki, biz helikopterin düşdüyü yerdə monitorinq keçirmək istədik. Amma Azərbaycandakı həmkarım bildirdi ki, bu ərazidə vəziyyət çox gərgindir, fəaliyyət göstərməyimiz üçün təhlükəsizliyimizə təminat yoxdur”.
A.Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.