Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasına sədr seçilib

"Dövlət xidmətlərinin göstərilməsində təqdim etdiyimiz xidmət modeli digər ölkələr üçün uğurlu nümunə ola bilər".

 

APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) bu gün Bakıda keçirilən üçüncü Assambleyasına ünvanladığı təbrik məktubunda deyilir. Məktubu Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub. Məktubda qeyd edilib ki, Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir: “Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, demokratik institutların fəaliyyəti təmin edilib. Fəaliyyətimiz beynəlxalq reytinq institutları tərəfindən yüksək dəyərləndirilir. Bu, dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet elan edib və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərib. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır".

 

Məktubda deyilir ki, Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına qoşulan dövlətlərdən biridir. Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətinin prioritet istiqamətlərdən biridir.

 

Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi Martin Kreutner akademiyanın sürətli inkişaf etdiyini və artıq dünya əhalisinin üçdə ikisini əhatə etdiyini diqqətə çatdırıb. O, ölkəmizin İACA-ya qoşulduğu vaxtdan qurumun işində fəallıq göstərdiyini deyib, Azərbaycanın bu tədbirə ev sahibliyini təqdirəlayiq hal adlandırıb. 

Tədbirdə baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının növbəti il üçün sədri seçilib.

Tədbir 3 gün davam edəcək.  

Müəllif | Apa.Tv