Azərbaycanın dövlət rəsmilərini daşıyan vertolyotun vurulmasından 23 il ötür
Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. APA TV-nin xəbərinə görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 23 il ötür.
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimi və jurnalist həlak olub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Araşdırmalar nəticəsində məlum olub ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna "nüvə yanğını" deyirlər.