Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə Azərbaycanda fəxri doktor adı verilib
"Azərbaycan gəldikdən sonra əmin oldum ki, Bakı-2015-ə hazırlıqlar çox yüksək səviyyədə gedir. Bunun ölkənizin gələcək imici, tanınması baxımından çox vacib bir hadisə olacağını düşünürəm".
APA TV-nin xəbərinə görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib. BOK-un prezidenti hesab edir ki, Avropa Oyunları Azərbaycanın dünya idmanına verdiyi töhfə hesab olunacaq: "Bakı-2015-də bütün Avropa ölkələrinin iştirak edəcəyini düşünürəm. Bunun üçün heç bir maneə olmayacaq. Çünki idman elə bir vasitədir ki, körpü rolunu oynayır. Bütün xalqlar idman vasitəsilə bir araya gəlir və sülh yaratmağa başlayır".
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib. Akademiyada baş tutan mərasimdə rektor Ağacan Abıyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BOK-un fəxri prezidenti Jak Roqq və BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro iştirak ediblər.