FHN Gəncədə seminar-müşavirə keçirib

Gəncədə "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr" mövzusunda seminar-müşavirə keçirilib. APA TV-nin məlumatına görə, seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi  Hikmət Xudiyev  yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti və qurumlarının vəzifələri, payız-qış mövsümünün başlanması ilə əlaqədar qabaqlayıcı və maarifləndirici tədbirlərə geniş yer verilməsinin zəruriliyi mövzusunda məruzə ilə  çıxış edib.

 

"Seminar-müşavirədə payız-qış  mövsümündə qarşıda duran vəzifələr müzakirə olundu, insanların təhlükəsiz yaşaması üçün bölgələrdə, şəhər və kənd yaşayış yerlərində yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr müəyyənləşdirildi".

 

Tədbir çərçivəsində dəm qazından qorunmaqla bağlı qısametrajlı film nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar  cavablandırılıb, onlara yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən 9 adda maarifləndirici plakat və yaddaş vərəqələri paylanılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli