Vətəndaşların pulunu mənimsəyən və qoyunlarını oğurlayan "jurnalist" yaxalandı
Qazax sakinlərinin 6 min manat nağd pulunu və bir neçə baş xırda buynuzlu heyvanını ələ keçirən dələduz saxlanılıb. Rayonun Ürkməzli kənd sakinləri Pərvin Məmmədov və Nurlan Quliyevə özünü televiziya redaktoru kimi qələmə verən Sumqayıt şəhər sakini, 33 yaşlı İlqar Hacıbalayev onları hərbi hissələrdən birinə işə düzəldəcəyinə söz verərək hər birindən 3 min manat pul alaraq aradan çıxıb. Dələduz kəndliləri yaxın qohumunun Müdafiə Nazirliyində çalışdığına inandıraraq onları yüksək məvacibli işə düzəldəcəyinə vəd verib. Bir neçə ay Sumqayıt sakinin yalanına inanan Ürkməzli sakinləri işin düzəlmədiyini gördükdə Qazax rayon Polis Şöbəsinə müraciət ediblər. RPŞ-nin əməliyyat müvəkkili Ruslan Məsmalıyev APA TV-yə bildirib ki, əvvəllər məhkum olmuş İlqar Hacıbalayev Bakı şəhəri Xətai rayonu ərazisində yaxalanıb. Aydınlaşdırılıb ki, o, Göyçay, Hacıqabul, Salyan rayonlarında da vətəndaşların heyvanlarını oğurlayıb. Qazaxda kənd sakinlərini aldatmaqla yanaşı, 33 yaşlı İlqar Hacıbalayev rayon sakini Tural Hüseynov və Ürkməzli kənd sakini Qulu Musayevlə birgə Ağköynək, Xanlıqlar, Ürkməzli kəndlərində xırdabuynuzlu heyvanları da oğurlayıblar.