Zakir Qaralov Avropa Komissiyasının departament rəhbəri ilə görüşüb

Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının 3-cü Bakı sessiyası çərçivəsində Baş prokuror Zakir Qaralov Avropa Komissiyasının departament rəhbəri Covanni Kesslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. APA TV-nin xəbərinə görə, Zakir Qaralov Assambleyaya sədrliyin Azərbaycana keçməsinin ölkəmiz üçün böyük uğur olduğunu diqqətə çatdırıb. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün birillik sədrlik müddətində antikorrupsiya qurumları və möhtəbər Avropa təsisatları ilə mühim tədbirlər həyata keçiriləcəyini deyib . Azərbaycanda keçirilən tədbirin və görüşün əhəmiyyətini yüksək qiymətləndirən Covanni Kessler son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nailiyyətləri məmnunluqla vurğulayıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasında yaradılan nümunəvi şəraitdən danışan qonaq Azərbaycanın brendi olan “Asan xidmət”in maraqlı model olduğunu qeyd edib. Görüşdə birgə tədbir və layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələri müzakirə olunub. Yuvenal ədliyyə  sahəsinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. 

Müəllif | Apa.Tv