Elman Rüstəmov: "Faiz dərəcələrinin azaldılması üçün addımlar atılacaq"
"Mərkəzi Bankı Azərbaycanda faiz dərəcələrinin aşağı salınması ilə bağlı gələcəkdə addımlar atmaq niyyətindədir".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir. Ölkədə faiz dərəcələrinin yüksək olmasının səbəblərinə də aydınlıq gətirən Elman Rüstəmovun görə, əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması kredit faizlərinin yüksək olmasına gətirib çıxarır: “2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3% təşkil edir. Bunun təxminən dörddə üçü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Yəni, təxminən 11%-dir. Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Bu kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir. Bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov dayanmır, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə bu kredit çox vaxt hətta telefonla həll olunur. Burada geri qayıtmayan, problemli kreditlər təxminən 18%-ə çatır".
Elman Rustəmov Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələrin aparıldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli nəzərdən keçirilir: "Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycanda ipotekaya olan ilkin tələbat 6 milyard ABŞ dolları təşkil edir. Bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır. Ölkənin ciddi maliyyə resursları var. Bu maliyyə resurslarından istifadə edirik”.
O əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırır.