İtlərin, tutuquşuların və dovşanların hansı cinsləri daha bahadır? Heyvan bazarından REPORTAJ

Paytaxtda ev heyvanlarının satışı, alışı və qiymətlərindən xəbər tutmaq üçün həftə içi biz də "Təzə bazar"a üz tutduq. Bazarda hər satıcının başına 4-5 müştəri toplaşıb. Kimi almaq istədiyi itin özəlliklərini öyrənir, kimi qiymət üstündə mübahisə edir. Satıcılarla söhbətdən məlum oldu ki, burada özü saxladığı itlərin balalarını satanlar da var, it ticarəti ilə məşğul olanlar da. Satıcı Toğrul bizə müxtəlif heyvanlara marağın olduğunu bildirdi.

 

"Ən çox it və tutuquşu satışı üstünlük təşkil edir. Pişiyin satışı nisbətən zəifdir. İtlərdən daha çox "çoban iti"nə təlabat var, çox satılır. Qiymətlər dəyişir. Cins itlərin qiyməti 250 manatdan başlayıb 500 və daha yuxarı qiymətlərə satılır. Qiymət itin çəkisinə, sağlamlığına, xüsusiyyətlərinə görə fərqlənir".
Mühafizə itləri də müxtəlif qiymətə təklif edilir. Yerli "çoban itləri" adlandırılan kiçik dişi küçüklərin qiyməti 150 manatdan başlayır. Satıcı deyir ki, dişi itlər daha yaxşı qoruyuculardır. “Karolevski doq” 2 min manata təklif edilir. “Quratveller”in qiyməti 300 manatdan başlayır, “oba iti" 70-100 manatdır. "Qoyun iti"nin qiyməti 100 manatdan başlayır. Daha çox “ovçarka”lar satılır. Bundan başqa, 250-300 manata “baby” itlərini, 800-900 manata “yorkşir terrier” cinsindən olan itləri, 200 manata “çaxuaxuva”ları, 300 manata isə “toy terrier”i almaq olar. Satılan ev heyvanlarının sağlamlığına gəlincə satıcılar deyir ki, burada satılan həm yerli, həm də xaricdən gətirilən itlər hamısı Dövlət Baytarlıq İdarəsində qeydiyyatdan keçir və sənədləşdirilir. Satılarkən itin sənədləri də müştəriyə təqdim olunur. Alınan itlərin müştəri tərəfindən geri qaytarılması üçün 3 gün vaxt verilir. Əgər müştəri iti bəyənmirsə və ya hər hansı səbəbdən qaytarmaq istəyirsə, 3 gündən gec olmayaraq sahibinə geri verməlidir, əks halda qaytarılmır. Çünki, ölkə xaricinə çıxarkən itlər üçün də sənəd tələb olunur. İtlər ən çox Rusiya Federasiyasından gətirilir, həmçinin Ukraynadan, Gürcüstandan, Türkiyədən gətirilən it cinsləri də az deyil.
 

"Əgər iti baxmaq üçün alıblarsa bu başqa, amma çox vaxt müştərilər qonşuda, qohumda ev heyvanları görür və onlarda da həvəs yaranır. Amma baxa bilmirlər. Alıcıya biz bildiyimiz bütün məsləhətləri veririk, qulluq qaydalarını izah edirik. Hətta necə qidalanması ilə bağlı bəzən yazılı da məlumat veririk. Xırda heyvanlara sümük, yağlı yeməklər olmaz deyirik. Amma buna əməl etmirlər və sonra gətirib qaytarırlar" 
Bazarda saysız-hesabsız quş növlərinə də rast gəlmək mümkündür. Satıcıların sözlərinə görə, quşlardan tutuquşulara maraq böyükdür. Onların qiyməti 10-15 manatdan 4000 min arasında dəyişir. Bazarda quş satan Pərvin bu barədə bizə məlumat verdi. 

"Tutuquşlara ev şəraitində baxmaq lazımdır. Gündə 3 dəfə yemək, vaxtlı-vaxtında vitaminlərini vermək lazımdır. Qiymətlər müxtəlifdir, 10 manatdan başlayır".


Balıqlar isə bazarın ən ucuz heyvanlarıdır, qiyməti bir manatdan başlayır. Ancaq qeyri-adi balıq növlərini 15-20 manata da tapmaq olar. Dovşanlara bazarda maraq böyük idi. Dovşanları 15 manata təklif edirdilər. Bala dovşanlara isə 8-10 manat qiymət qoyulmuşdu. Cinclərə görə qiymətlər də müxtəlifdir, 10 manatdan-50 manat arası". "İt bazarı"nda dələ, pişik, dovşan və başqa dekorativ heyvanlar da var. Qiymətlər isə paytaxtdakı digər "zoomağaza"larla müqayisədə daha ucuzdur. Bunu müştərilər də deyir. Vüqar adlı alıcı deyir ki, uzun illərdir müxtəlif ev heyvanları saxlayır. 

"Heyvanları sevirəm, düzdür, quşbaz deyiləm, amma evdə özüm üçün saxlayıram. Ümumiyyətlə, vəhşi təbiəti sevirəm, heyvanlarla ünsüyyəti sevirəm. Sakitlik gətirir quşların səsi, elə bilirəm təbiətin qoynundayam. Ən çox qartalı sevirəm. Sadəcə onu saxlamaq, qulluq göstərmək çox çətindir və təhlükəlidir. Eyni zamanda ev şəraitində onu əhliləşdirmək də çətindir".

Satıcılar deyirlər ki, əvvəlki mövsümlə müqayisədə satışa çıxarılan heyvanların qiymətində azalma var və ucuzluq da satışa müsbət təsir edir. Heyvanların saxlanma şəraitinə gəlincə, təəssüf ki, bu haqda müsbət söz demək mümkün deyil. Yayda günün altında satılan heyvanlar, payızda da yağışdan islanmış halda soyuqda saxlanılır. Bəzi qəfəslər itlərin boyunun ölçüsündən daha kiçikdir. Balaca cins itlər isə bir qəfəsdə 4-5 ədəd olmaqla, saxlanılır. Bazarın dam örtüyünün yararsız olması yağan yağışın içəri dammasına səbəb olur. 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı