Biləcəridə qaldırıcı kran maşınlarınn üstünə aşıb: 4 yaralı
Bakının Binəqədi rayonu ərazisində 6 maşının toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində, "Avtovağzal dairəsi" yaxınlığında baş verib.
Dairə üzrə hərəkət edən qaldırıcı kran idarəetmənin itirilməsi nəticəsində minik maşınlarının üstünə aşıb. İlkin məlumata görə, qəzaya “ZİL” markalı qaldırıcı kranın əyləc sisteminin işləməməsi səbəb olub.
Qəza zamanı iki “Merecedes”, bir “Toyota”, bir “LADA” markalı avtomobil və bir rayonlarası sərnişin avtobusu əzilib. Hadisə nəticəsində 4 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti qənaətbəxş hesab olunur. Hadisə yerinə Yol Patrul Xidmətinin və rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Müəyyən olunub ki, qaldırıcı kran yola nasaz vəziyyətdə çıxıb. Qaldırıcı kranın yoldan götürülməsi üçün əraziyə əlavə texnika gətirilib, yolda tıxac yaradıb.
Yol qəzası ilə bağlı araşdırmalara başlanılıb. Hadisəyə hüquqi qiymət yaxınlıqdakı müşahidə kameralarının görüntüləri araşdırıldıqdan sonra veriləcək.