Əhməd Davudoğlunun kortejində qəza: 2 yaralı
Türkiyənin baş naziri Əhməd Davudoğlunun İraq səfəri zamanı yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, qəza baş naziri Bağdad beynəlxalq hava limanından şəhər mərkəzinə aparan avtomobil karvanında qeydə alınıb. Kortejdəki avtomobillərdən biri idarəetmədən çıxıb. Hadisə nəticəsində Əhməd Davudoğlunu səfərdə müşayiət edən ofisiant Loğman Candəmir və iraqlı sürücü xəsarət alıb. Yaralılara ilk tibbi yardımı Türkiyə Nazirlər Kabinetinin tibb qrupu göstərib. Daha sonra onlar İbn Sina xəstəxanasına çatdırılıb. Hər iki yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu və iraqlı həmkarı Heydər əl-İbadi birga mətbuat konfransından sonra xəstəxanada yaralılara baş çəkiblər.